Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət proqramı” çərçivəsində həyata keçirilmiş “Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda Konfrans – ictimai müzakirə zamanı təşkilatın fəaliyyətinə dair hesabat xarakterli çıxış etmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisin üzvü Səbinə Salmanova, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Məfkurə İsmayılova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbəri, mediatorlar, vəkillər və məhkəmə işçiləri iştirak etmişlər.



Konfransda Sumqayıt 1 saylı Mediasiya təşkilatının fəaliyyətinə dair hesabat xarakterli çıxış edən Etibar Həsənov bildirmişdir ki, XXI əsrin ilk illərindən etibarən Azərbaycan Respublikasında dayanıqlı sosialiqtisadi inkişafı stimullaşdıran genişmiqyaslı islahatlar reallaşdırılmış, çətin həyat şəraitində olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edən sosial xidmət sisteminin yaradılması və müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əhatəli işlər görülmüşdür.
Sosialiqtisadi inkişafa xidmət edən islahatlar çərçivəsində mediasiyanın tətbiqini təşviq etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Cənab İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” təsdiq edilmiş Strateji Yol Xəritələri alternativ mübahisələrin həlli mexanizmləri arasında mediasiyanın vacibliyini fərqləndirmiş və 3 əsas hədəf müəyyən etmişdir: (i) Mediasiya haqqında Qanunun hazırlanması; (ii) Mediasiya Şurasının yaradılması; və (iii) 2020-ci ilə qədər kiçik və orta sahibkarlar tərəfindən məhkəmə öncəsi mübahisələrin həlli göstəricilərinin ikiqat yaxşılaşdırılması.
6 dekabr 2016-cı il tarixli Fərmanından irəli gələrək 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılmış, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılmış və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1555VQ nömrəli Qanunu 2021-ci il iyul ayının1-dən qüvvəyə minərək icra edilməyə başlanmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya vəsitəsi ilə həll edilə bilər. Həmçinin bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
2021-ci il iyul ayının1-dən etibarən ölkəmizdə aktiv fəaliyyət göstərən mediasiya təsisatı cəmiyyətimiz üçün nə qədər yeni olsa da, özünü tanıtmağa, qəbul etdirməyə və üzərinə qoyulan öhdəlikləri lazımınca icra etməyə çalışaraq addım-addım irəliləyir. Bu şərəfli və çətin yolda mediasiya təsisatına göstərilən dəstəkdə vətəndaşlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və inzibati orqanların da rolu danılmazdır.
Yuxarıda qeyd edilən mediasiya mexanizminin inkişafı, təşkilatlanması və daha mütərəqqi uğurlara imza ataraq, məhkəmələrdə iş yükünün azalmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə şərait yaratmaq məqsədi ilə Gənclər şəhəri adlanan Sumqayıt şəhərində də mediasiya sahəsində xidmət göstərən təşkilat- Sumqayıt 1 saylı Mediasiya təşkilatı 2023-cü ilin yanvar ayından etibarən aktiv fəaliyyətə başlamış və yurisdiksiyasına daxil olan inzibati ərazilər üzrə fiziki və hüquqi şəxslərə kommersiya mübahisələri, mülki, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə xidmət göstərməkdədir.
Məqsədimiz, tərəflərin vaxt və maliyyə itkisinə qənaət etməklə, komplekslərdən uzaq, işgüzar və ya şəxsi nüfuzlarını qorumaqla öz aralarında olan mübahisələrinin həllinə nail olmaqda onlara yardımçı olmaqdır.
“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramı Azərbaycan Respublikasının sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir. Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur.
Sözügedən Dövlət proqramının 8.4.6-cı bəndində 2024 – 2026 illər ərzində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mediasiya Şurası, yerli icra hakimiyyəti orqanları, ailədaxili mübahisələrdə mediasiya xidmətinin tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında təkliflərin hazırlanması və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi və mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması barədə göstərişlər də yer almışdır.
Fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydasının, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin tövsiyyə və qərarlarına uyğun şəkildə davam etdirən Sumqayıt 1 saylı Mediasiya Təşkilatına 2023-cü və 2024-cü illər ərzində daxil olmuş ailə mübahisələrindən irəli gələn 915 sayda mediasiya müraciəti üzrə barışıq sazişi imzalanmış, 736 mediasiya müraciəti üzrə tərəflər aralarındaki mübahisəni davam etdirmədiyindən iş üzrə icraata xitam verilmiş, 2073 sayda mediasiya müraciəti üzrə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” və 1278 sayda mediasiya müraciəti üzrə isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayış verilmişdir. Nəticə etibarilə Sumqayıt 1 saylı Mediasiya təşkilatında iki il ərzində baxılan ailə mübahisələri üzrə hər iki tərəfin iştirakı ilə keçirilmiiş mediasiya proseslərində 42 % barışıq sazişi əldə olunmuşdur.
Etibar Həsənov sonda qeyd etmişdir ki, “Cari ildə hədfimiz mediasiya xidmətinin keyfiyyətini artıraraq, daha yüksək nailiyyətlər əldə etməklə mediasiya institutunun inkişafına və nüfuzuna töhfələr verməkdir.”

