Mülki mübahisələrin həllində mediasiya mexanizmindən istifadə müsbət nəticələnir

Son illər Azərbaycanda alternativ mübahisə həll mexanizmi kimi mediasiyanın tətbiqi genişlənməkdədir. Beləki, mediasiya tərəflər arasında qarşılıqlı razılığa əsaslanan, könüllü və neytral vasitəçi (mediator) vasitəsilə aparılan dialoq prosesidir. Bu mexanizm xüsusilə mülki mübahisələrdə səmərəli və çevik yanaşma kimi ön plana çıxır.
Mediasiya haqqında aşağıdaki xüsusatları qeyd etmək olar:
I. Mediasiyanın hüquqi əsası və konsepsiyası
Azərbaycan Respublikasında mediasiya fəaliyyəti 29.03.2019-cu ildə qəbul edilmiş “Mediasiya haqqında” Qanunla tənzimlənir. Bu qanun mediasiyanın prinsiplərini, tərəflərin hüquq və vəzifələrini, mediatorların fəaliyyət qaydalarını müəyyən edir.
Əsas prinsiplər:
– könüllülük;
– tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı;
– mediatorların qərəzsizliyi və müstəqilliyi;
– mediasiya prosesinə müdaxilənin yolverilməzliyi;
– konfidensiallıq.
II. Mülki mübahisələrin xüsusiyyətləri və ənənəvi məhkəmə icraatının çətinlikləri
Mülki mübahisələr uzun çəkən məhkəmə icraatları, maddi xərclərlə, mənəvi iztirab, streslə müşahidə olunur. Bəzi hallarda məhkəmə qərarı tərəflərin real ehtiyaclarını tam qarşılamır və münasibətlərin daha da gərginləşməsilə nəticələnir.
III. Mediasiyanın mülki mübahisələrin həllində üstünlükləri
1. Zamana qənaət – Proses daha çevik və qısa vaxtda nəticələnə bilər.
2. Daha az xərc – Məhkəmə xərcləri və dövlət rüsumları ilə müqayisədə daha az maliyyə yükü yaradır.
3. Tərəflərarası münasibətlərin qorunması – Dialoq mühiti, münaqişə səviyyəsinin və emosional yükün azaldılması.
4. Qərarın könüllü icrası – Mediasiya prosesi nəticəsində əldə olunan razılaşmalar adətən daha səmərəli icra olunur. Çünki tərəflər özlərinin qəbul etdikləri qərarı icra edirlər.
5. Konfidensiallıq – Şəxsi və kommersiya məlumatları ictimaiyyətə açıqlanmır.
IV. Tətbiq sahələri və real praktik nümunələr
Hal- hazırda mediasiya ailə mübahisələri, mülki müqavilə mübahisələri, işəgötürənlə işçi arasındakı anlaşılmazlıqlar, qonşuluq mübahisələri, mülkiyyət bölüşdürülməsi, borc münasibətləri və digər mülki xarakterli məsələlər tətbiq olunur. Lakin bunlardan yalnız ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrin mediasiya mexanizminin tətbiqi məcburidir.
V. Ölkəmizdə mediasiyanın inkişaf perspektivləri aşağıdaki kimi ola bilər:
-Mediasiya mexanizminin tətbiqi dairəsinin genişləndirilməsi və mediatorların seçimində onların peşəkarlığının yoxlanılmasına diqqətin artırılması;
-Məhkəmələr tərəfindən mediasiyaya yönləndirmə mexanizminin təkmilləşdirilməsi
– Əhalidə hüquqi və mediasiya mədəniyyətinin artırılması
Nəticə etibarilə demək olar ki, mediasiya yalnız mübahisənin alternativ həlli deyil, həm də mübahisələrə daha humanist, qarşılıqlı anlaşmaya əsaslanan yanaşmadır. Mülki mübahisələrdə bu mexanizmin tərəflərin münasibətləri pozulmadan, sülh yolu ilə razılığa gəlməsinə imkan yaratma ehtimalı çox yüksəkdir.