Mediatorların peşəkar etik davranış Qaydası

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 384 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Mediatorların peşəkar etik davranış Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayd5a “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və peşəkar əsasda mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

1.2. Bu Qaydanın məqsədi mediatorların və mediasiya təşkilatlarının nüfuzunun artırılması, vətəndaşların mediasiya təşkilatlarına və mediatorlara etimadının yüksəldilməsi, habelə mediatorların və mediasiya təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılmasının təmin olunmasıdır.

 1.3. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublkasının Qanununa uyğun olaraq mediator kimi fəaliyyət göstərən bütün şəxslərə şamil olunur.

2. Mediatorların davranış qaydaları

2.1. Hər bir mediator öz fəaliyyətində insan və vətəndaşların hüquq və azadlıqlarına hörmət, qanunçuluq və digər demokratik prinsipləri, habelə yüksək etik davranış normalarını rəhbər tutaraq, bu Qaydanın müddəalarına əməl etməyə borcludur.

2.2. Mediatorların davranışı bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulmuş prinsiplərə əsaslanmalıdır.

3. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mediatorun etik davranış prinsipləri

3.1. İnsan və vətəndaşların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, habelə fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət prinsipi:

3.1.1. mediator insan və vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

3.1.2. mediator hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

3.2. Qanunçuluq prinsipi:

3.2.1. mediator öz vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərini rəhbər tutmalıdır.

3.3. Vicdanlı davranış prinsipi:

3.3.1. şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə mediator öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur;

3.3.2. mediator peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

3.4. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi:

3.4.1. mediator öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur;

3.4.2. mediator davranışı və öz peşəkar fəaliyyəti ilə mediasiya fəaliyyətinə hüquqi və fıziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, həmçinin mediasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməlidir.

3.5. Loyallıq prinsipi:

3.5.1. mediator hər bir halda öz şərəf və ləyaqətini qorumalı, peşə fəaliyyətini həyata keçirərkən, mediasiya fəaliyyətinin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir;

3.5.2. mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda mediasiya fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə, o cümlədən vəzifələrə əməl etməlidir.

3.6. İctimai etimad prinsipi:

3.6.1. mediator mediasiya fəaliyyətinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur;

3.6.2. mediator etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, habelə ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

3.7. Mədəni davranış prinsipi:

3.7.1. mediator fəaliyyətində nitq mədəniyyətinə riayət etməli, bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalıdır;

3.7.2. mediator peşə fəaliyyəti dövründə digər mediatorlarla qarşılıqlı münasibətlərini müəyyən qanuni hərəkətlərə və ya praktikaya əsaslanan inam və hörmət prinsipi əsasında qurmalıdır.

3.8. Qərəzsizlik prinsipi:

3.8.1. mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır;

3.8.2. mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır;

3.8.3. mediator öz vəzifəsini yerinə yetirərkən irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə və qulluq mövqeyinə, dinə münasibətinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir;

3.8.4. mediator vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur;

3.8.5. mediator mediasiya fəaliyyətinə heç bir şəxs, o cümlədən qohum, dost və tanış tərəfindən, hər hansı formada müdaxilə edilməsinə yol verməməli, eyni zamanda dövlət və yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin təsiri altına düşməməli, ictimai rəy və ya tənqid onun fəaliyyətinin qanuniliyinə və əsaslılığına təsir etməməlidir.

3.9. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi prinsipi:

3.9.1. peşə fəaliyyətini həyata keçirməklə bağlı mediatorların, qanunazidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəldilmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır.

3.10. Konfidensiallıq prinsipi:

3.10.1. mediator “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşə fəaliyyəti dövründə, habelə mediasiya təşkilatının müvafiq fəaliyyətini həyata keçirmək hüququ dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılmasından sonra əldə etdiyi bütün məlumatların konfidensiallığını təmin etməlidir;

3.10.2. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediator mediasiya zamanı ona məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlaya və ya onlara istinad edə bilməz (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla), habelə belə məlumatlarla bağlı şahid qismində iştirak edə bilməz;

3.10.3. mediator peşə fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz.

4. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

4.1. Mediator tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, işlədiyi mediasiya təşkilatı və Mediasiya Şurası tərəfindən müntəzəm təhlil edilir və müvafiq olaraq bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş tədbirlər görülür.

4.2. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

4.2.1. mediatorların davranışlarının bu Qayda ilə müəyyən olunan etik davranış norma və prinsiplərinə uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;

4.2.2. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;

4.2.3. mediatorlara etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;

4.2.4. etik davranış qaydalarını pozan mediatorların intizam məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməlidir;

4.2.5. etik davranış qaydaları və mediatorlar tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə fiziki və hüquqi şəxsləri məlumatlandırmaq üçün tədbirlər görülməlidir;

4.2.6. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır;

4.2.7. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə mediatorlara ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;

4.2.8. etik davranış qaydalarına əməl olunması ilə bağlı digər tədbirlər görülməlidir.

4.3. Etik davranış qaydalarının pozulması mediatorun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Etiketlər

YORUM YAZIN