Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi QAYDASI

Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun 36.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər xərclərin (bundan sonra – mediasiya xərcləri) dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir. [i]

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.3. Bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir.[ii]

2. Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi

2.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin birinci cümləsinə əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla) dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. [iii]

2.2. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəf fiziki şəxs olduqda mediasiya xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına ödənilir, hüquqi şəxs olduqda isə həmin şəxslərin üzərinə qoyulur. [iv]

2.3. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq təqdim etdiyi sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir.[v]

2.3-1. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərə aşağıdakılar aiddir:[vi]

2.3-1.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

2.3-1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.

2.4. Mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün aşağıdakı sənədləri Mediasiya Şurasına təqdim edir:

2.4.1. mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin bu barədə ərizəsinin surəti;

2.4.2. fiziki şəxsin bu Qaydanın 2.3-1-ci bəndində qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənədin surəti;[vii]

2.4.3. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin surəti;

2.4.3-1. ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərlə bağlı təsdiqedici sənədlər;[viii]

2.4.4. çəkilmiş xərclər barədə hesabat.

2.5. Fiziki şəxsin bu Qaydanın 2.3-1-ci bəndində qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənəd onun müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fiziki şəxs həmin sənədi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yaradılan elektron kabineti vasitəsilə və ya “DOST” mərkəzlərinə müraciət etməklə əldə edə bilər.[ix]

2.6. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır. [x]

2.7. Mediasiya Şurası bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş sənədlərə Şuraya daxil olduğu tarixdən 10 iş günü müddətində baxaraq, bu Qaydanın 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş tədbirləri görür. [xi]

2.8. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına müraciətin daxil olduğu gündən 5 (beş) iş günü müddətində (bu müddət bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş müddətə daxil edilmir) yazılı bildiriş göndərilir. Çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır. [xii]

2.9. Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir.

2.10. Mediasiya xərclərinin ödənilməsindən aşağıdakı hallarda imtina edilir və bu barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir: [xiii]

2.10.1. təqdim olunan sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq aradan qaldırılmadıqda;[xiv]

2.10.2. təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

3. Mediasiya xərclərinin ödənilməsi üçün nəzərdə tutulan vəsaitin istifadəsinə dair tələblər

3.1. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsait bu Qaydada nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edilə bilməz.

3.2. Mediasiya xərclərinin ödənilməsinə ayrılan vəsaitin il ərzində istifadə edilməyən hissəsi ilin sonunda dövlət büdcəsinə geri qaytarılır. 3.3. Mediasiya Şurası hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu Qaydaya uyğun olaraq rüb ərzində faktiki mediasiya xərcləri ödənilən fiziki şəxslərin sayı (adı, soyadı və ünvanı göstərilməklə) və ödənilmiş vəsaitlərin məbləği barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir


[i] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2065) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 1.1-ci bəndində “mediasiya xərclərinin” sözləri “xərclərin” sözü ilə əvəz edilmişdir.

[ii] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2065) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”na yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir.

[iii] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2065) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə “dövlət büdcəsində” sözlərindən əvvəl “(“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin birinci cümləsinə əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

[iv] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2065) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.2-ci bəndi ləğv edilmişdir.

[v] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2065) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.3-cü bəndindən “və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış” sözləri çıxarılmışdır və həmin bənddə “təqdim etdiyi müvafiq təsdiqedici” sözləri “bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq təqdim etdiyi” sözləri ilə əvəz edilmişdir.

[vi] 26 fevral 2022-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”na yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

[vii] 26 fevral 2022-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.4.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.4.2. mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənədin surəti;

[viii] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”na yeni məzmunda 2.4.3-1-ci yarımbənd əlavə edilmişdir.

[ix] 26 fevral 2022-ci il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.5-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.5. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənəd fiziki şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

[x] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.6-cı bəndində “Qanunun” sözü “Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilmişdir.

[xi] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.7-ci bəndində “baxır” sözü “baxaraq, bu Qaydanın 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş tədbirləri görür” sözləri ilə əvəz edilmişdir.

[xii] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın  2.8-ci bəndin birinci cümləsinə “5” rəqəmindən əvvəl “müraciətin daxil olduğu gündən” sözləri əlavə edilmişdir, ikinci cümləsinə “müddətində” sözündən sonra “(bu müddət bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş müddətə daxil edilmir)” sözləri əlavə edilmişdir.

[xiii] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.10-cu bənddən “5 (beş) iş günü müddətində” rəqəm və sözləri çıxarılmışdır.

[xiv] 17 dekabr 2019-cu il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282) ilə “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın 2.10.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.10.1. tələb olunan sənədlər tam olmadıqda;

Etiketlər

YORUM YAZIN