Sumqayıt şəhərində “Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda konfrans – ictimai müzakirə keçirildi

23 yanvar 2025-ci il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi, Milli Məclisin Sumqayıt şəhərindən seçilmiş deputatı Səbinə Salmanova, Mediasiya Şurası və Sumqayıt 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı” çərçivəsində “Mediasiya – yeni trendlər və gözləntilər” mövzusunda konfrans – ictimai müzakirə həyata keçirilib. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Sumqayıt şəhərindən seçilmiş deputatı Səbinə Salmanova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Məfkurə İsmayılova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov öz çıxışları zamanı bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6-cı bəndində 2024 – 2026 illər ərzində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mediasiya Şurası tərəfindən yerli icra hakimiyyəti orqanları, ailədaxili mübahisələrdə mediasiya xidmətinin tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında təkliflərin hazırlanması və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi və mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunması barədə göstərişlər də yer almışdır. Dövlət Proqramı Azərbaycan Respublikasının sosial xidmət sisteminin, o cümlədən, qanunvericiliyin və institutsional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir. Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur. Natiqlər həmçinin mediasiya fəaliyyətinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq ictimai müzakirələrin aparılması və xüsusən bu işlərdə gənclərin cəlb edilməsini vurğulayıblar.
Daha sonra Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov təşkilatın fəaliyyəti barədə hesabat xarakterli çıxış etmişdir.




